Demokratik Qüvvələrin Milli Şurası Rusiya Ordusu bölmələrinin Azərbaycan ərazində yerləşdirilməsinə etiraz bəyanatı qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinə xalqın və Milli Məclisin məlumatı, razılığı olmadan, heç bir ictimai müzakirə keçirilmədən, cəmiyyətin rəyi nəzərə alınmadan Rusiya sülhməramlı kontingentinin daxil olması Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqının milli maraqlarına qarşı ciddi təhdiddir və Azərbaycan Konstitusiyasının müddəaları ilə kəskin ziddiyyət təşkil edir: “1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edib onun mövcudluğuna son qoyan, mərhum prezident Əbülfəz Elçibəyin siyasi iradəsi hesabına ölkədən 1992-ci ildə böyük çətinliklə çıxarılan Rusiya Ordusunun yenidən qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir. Rusiya Silahlı Qüvvələrinin 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı, 1992-1993-cü illərdə Qarabağ torpaqlarının işğalındakı rolu, eləcə də Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım və Donbas bölgələrinin işğalındakı birbaşa iştirakı Azərbaycan xalqının yaddaşından silinməyib.
27 sentyabr 2020-ci ildə başladılan əks-hücum əməliyyatı müddətində də biz Rusiyanın birtərəfli qaydada işğalçı Ermənistanı silahlandırmasının şahidi olduq. Azərbaycan Müdafiə Nazirliyi, Prezident Administrasiyası rəsmiləri və hətta prezident səviyyəsində dəfələrlə Rusiyanın Ermənistanı silahlandırdığını bəyan edib, buna etirazını bildirib.
Rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına əldə etdiyi böyük qələbəyə bu qədər yaxın olduğumuz, az qala Xankəndini işğalçılardan azad etdiyimiz bir vaxtda Azərbaycan siyasi rəhbərliyinin ordumuzun müzəffər yürüşünü dayandıraraq Rusiya Ordusunu Azərbaycana dəvət etməsi cəmiyyətdə haqlı narazılıq və etiraz doğurub.
Yuxarı Qarabağın əksər əraziləri ermənilərin nəzarətində qaldığı halda bölgəyə Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın sülhməramlılarının yeridilməsi Qarabağ torpaqlarının taleyi ilə bağlı ciddi narahatlıq doğurur.
Azərbaycan ərazisində faktiki olaraq Rusiya hərbi bazasının yaradılmasına və bu yolla Yuxarı Qarabağdakı Azərbaycan torpaqlarının qeyri-müəyyən müddətə işğalda qalmasına qəti etiraz edirik.
Azərbaycan hökumətindən təcili qaydada beynəlxalq birlik – Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmış qaydada Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması istiqamətində addımlar atmağı tələb edirik. Yuxarı Qarabağ – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”.
Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
1988-ci ildə Ermənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək müharibəyə çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozub. Azərbaycan Ordusunun həmin gündən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatlarında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.
Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?
İsa Qəmbərin təşkilatı nə düşünür?