Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. Noyabrın 12-də yayılan rəsmi məlumata görə, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq DTX-nin Şuşa Şəhər İdarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.
Bu işlər prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanına uyğun olaraq aparılır. Oktyabrın 29-da imzalanan fərmanla Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb.
Komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidir. Onların nəzdində bu dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmalıdır:
Dövlət Təhlükəsizliyi Xidməti;
Fövqəladə Hallar Nazirliyi;
İqtisadiyyat Nazirliyi;
Kənd Təsərrüfatı Nazirliyi;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
Maliyyə Nazirliyi;
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
Mədəniyyət Nazirliyi;
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;
müvafiq yerli icra hakimiyyəti orqanları.
Zərurət olduqda əməliyyat qərargahlarının fəaliyyətinə digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.
1988-1994-cü illərdə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad olunub.
Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.