“Belə görünür ki, Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanan üçtərəfli razılaşma Dağlıq Qarabağda 44 gün davam edən müharibəyə son qoyur”. Novator.az-ın məlumatına görə, “Bloomberg” agentliyinin internet səhifəsində yerləşdirilən məqalədə belə deyilir.
Məqalədə 44 günlük müharibə nəticəsində Azərbaycanın qazandığı hərbi-siyasi uğurlardan, Ermənistanın məğlubiyyətindən və məcbur olub razılaşdığı güzəştlərdən bəhs edilir, eyni zamanda Rusiyanın noyabrın 9-da əldə edilən üçtərəfli razılaşmadan götürdüyü dividendlərdən söz açılır.
Bildirilir ki, Cənubi Qafqazdakı – bu postsovet məkanındakı böhranı xeyli müşahidə edəndən sonra prezident Vladimir Putin Qarabağa 2000-ə yaxın sülhməramlı göndərdi, bununla da regionda sabitliyə ilk növbədə Rusiyanın qarant durduğunu bir daha sübuta yetirə bildi.
Məqalədə Avropa və ABŞ-ın prosesdən tamamilə, Türkiyənin isə qismən kənarda qaldığı qeyd olunur. Yazı müəllifinin fikrincə, Türkiyənin prosesdə rol alması Moskvanın məsələyə praqmatik yanaşdığını göstərir. Çünki Moskva Ankaranın hər hansı roluna razılaşmasaydı, döyüş əməliyyatlarına son qoymaq çətin olardı.
Məqalədə vurğulanır ki, Türkiyə sülh razılaşmasında ikinci dərəcəli rol oynayır, amma bu rolun özü də Kreml üçün başağrısıdır, çünki Türkiyə NATO üzvüdür, Rusiya isə keçmiş Sovet İttifaqının heç bir yerində NATO qoşunlarını görmək istəmir.
Məqalədə deyilir ki, Rusiya müharibəni tam öz gücü, öz təsiri ilə dayandıra bilməsə də, təşəbbüsü ələ almağı bacardı və bunu Kremlin qələbəsi kimi qiymətləndirmək mümkündür: “2020-ci ildə bu, Rusiya üçün uğur hesab edilə bilər”.
Novator.az xatırladır ki, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Bu müddətdə üç dəfə – oktyabrın 10-u, 18-i və 26-sı humanitar atəşkəs barədə razılığa gəlinsə də, atəş dayandırılmayıb.
Noyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Bu razılaşmaya görə, noyabrın 10-dan münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılır. Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarır.
Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara geri qayıdır.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Mənbə: Bloomberg.com