CNN: Koronavirusa qarşı ən şanslı vaksin
- 11 Noyabr 2020
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərhYazarlar
Hazırda dünyada koronavirusa qarşı vaksinlər arasında ən uğurlu namizəddən – ABŞ-dakı “Pfizer” və Almaniyadakı “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksindən danışılır. Könüllülər üzərində sınaqlar zamanı bu vaksin 90%-dən çox effekt göstərib. Amerikalı tədqiqatçı alim, immunoloq, infeksionist, ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksinin insanları effektiv şəkildə qoruduğu barədə bəyanatla çıxış edib. Entoni Fauçinin açıqlamasından sonra yeni vaksin dünya gündəmini zəbt edib. Novator.az saytı bunu nəzərə alaraq həmin vaksin haqda CNN kanalının internet səhifəsində yerləşdirilən məqaləni azərbaycancaya tərcümə edib. Məqaləni təqdim edirik.
“Pfizer” əczaçılıq şirkətinin koronavirus əleyhinə “BioNTech” şirkəti ilə birgə hazırladığı vaksinin insanları infeksiyadan effektiv şəkildə qoruması haqda doktor Entoni Fauçiyə istinadla yayılan xəbərlər pandemiya əleyhinə hazırlanmaqda olan digər vaksinlər üçün ümid vəd edir.
“Pfizer” şirkəti bildirib ki, onların namizəd kimi irəli sürdüyü vaksin könüllülərdə infeksiyanın qarşısını almaqda 90%-dən çox effekt göstərib. Bu vaksində immun reaksiyası yaratmaq üçün “məlumat RNT-si” və ya MRNT adlandırılan, əvvəllər heç vaxt təsdiqlənməmiş texnologiyadan istifadə olunur.
“Bu onu göstərir ki, MRNT platforması faktiki olaraq işləyir. “Moderna” şirkətinin də eyni platformadan istifadə edən digər bir namizəd vaksini mövcuddur” – CNN kanalına telefonla verdiyi müsahibədə Fauçi deyib.
Entoni Fauçinin direktoru olduğu Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu vaksin nümunələrini sınaqdan keçirmək üçün “Moderna” və digər şirkətlərlə əməkdaşlıq edir.
ABŞ federal hökuməti “Pfizer” və “BioNTech” şirkətlərinin vaksininə 1,95 milyard ABŞ dolları həcmində investisiya qoyub, ancaq vaksinin hazırlanması prosesinə birbaşa yardım göstərmir.
MRNT-yə əsaslanan vaksin yanaşmasında hüceyrələri aldadaraq virusun hissəcikləri kimi görünən zülal parçaları yaratmağa yönəltmək üçün MRNT adlanan genetik maddədən istifadə olunur. İmmun sistemi həmin parçaları tanıyaraq hücum etməyi öyrənir. Deməli, immun sistemi nəzəri cəhətdən hər hansı faktiki infeksiyaya daha tez reaksiya verəcək.
“Bu həyəcanlı açıqlamanı eşidib ürəklənmişik. Konkret məlumatlara əsaslandığını nəzərə alsaq, bu, yalnız “Pfizer” və “BioNTech” şirkətləri üçün deyil, həm də ümumilikdə vaksinlər üçün nailiyyət ola bilər” – vaksinlər üzrə ekspert Robin Şatok bildirib. Onun komandası Londonun İmperial Kollecində koronavirus əleyhinə MRNT vaksini üzərində çalışır.
“Bu, həmçinin RNT vaksinləri texnologiyasının sürəti və faydalılığını nümayiş etdirir” deyə Şatok əlavə edib.
O, daha sonra vurğulayıb: “Bu açıqlama, şübhəsiz, bizim özünü genişləndirən RNT vaksini proqramımıza təkan verir. Hələ yolun sonuna gəlib çatmamışıq, ancaq ümid edirəm ki, bu, pandemiyaya nəzarət etmək üçün göstəriləcək qlobal təşəbbüslərin başlanğıcıdır. Bu, tunelin sonunda görünən işıqdır”.
“Pfizer” və “BioNTech” şirkətlərinin sınaqlarının digər vaksinlər üçün yaxşı xəbər olmasının ikinci səbəbi var. Fauçinin sözlərinə görə, onlar göstərir ki, hədəf kimi mismar zülallarından istifadə etmək düzgün addım idi.
Fauçi deyib: “Digər bir müsbət cəhət ondan ibarətdir ki, mismar zülallarına faktiki immun reaksiyası müdafiə xarakteri daşıyır”.
Virus hücum etdiyi hüceyrələri tutmaq üçün mismar zülalı adlanan struktura malikdir. MRNT vaksinləri orqanizmi bu strukturun kiçik surətlərini yaratmağa vadar edir.
“Xatırlayın, insanlar mismar zülalına qarşı immun reaksiyasının faktiki vaksin üçün ən yaxşı və ən müvafiq seçim olduğuna şübhə edirdilər” – Fauçi bildirib.
Zülalın hədəf seçilməsi
“Yaxşı xəbər ondan ibarətdir ki, hədəf mismar zülalıdır və mahiyyət etibarilə sınaqdan keçirilən digər vaksinlərin hər biri MRNT ilə ifadə olunmasından, yaxud həll oluna bilən zülal olmasından asılı olmayaraq, hədəf kimi mismar zülalından istifadə edir. Mismar zülalından onların hər birində istifadə edilir və bu, bütün digər vaksinlər üçün yaxşı xəbərdir”. Bunu Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPİ) bəyan edib.
Koalisiya həmçinin bildirib ki, nəticələr hazırlıq mərhələsində olan digər vaksinlər üçün ümid vəd edir.
CEPİ-nin baş icraçı direktoru doktor Riçard Hetçet öz açıqlamasında deyib: “Biz inanırıq ki, bu aralıq nəticələri həm də eyni yanaşmaya (immunogen kimi birləşməmiş mismar zülalından istifadə) əsaslanan digər namizəd Covid-19 vaksinlərinin, o cümlədən CEPİ-nin portfelinə daxil olan bütün vaksinlərin uğurlu olması ehtimalını artırır”.
Hazırda ABŞ-da dörd koronavirus vaksini sınaqların 3-cü mərhələsinə keçib. Onlar “Pfizer”, o cümlədən “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” şirkətləri tərəfindən hazırlanır. Bundan əlavə, Merilenddə yerləşən “Novavax” şirkətinin bu ayın sonlarından ABŞ-da sınaqların 3-cü mərhələsinə başlaması gözlənilir. Onun sınaqlarından biri Britaniyada davam edir.
Fauçinin sözlərinə görə, pandemiya bu qədər çətin keçdiyindən “Pfizer” şirkəti “BioNTech”lə birgə hazırladığı koronavirus vaksininin infeksiyaya qarşı həddindən artıq effektiv olduğunu tez bir zamanda nümayiş etdirdi.
Məlumatlar aralıq təhlil adlanan təhlil çərçivəsində açıqlanıb. Bunlar məlumatlarda əvvəlcədən nəzərdə tutulan məqamlardır.
İndiki halda “Pfizer” Covid-19 infeksiyasına yoluxmuş 44 min könüllüdən 62-sinə mümkün qədər tez nəzər yetirməyi planlaşdırırdı. Buna baxmayaraq, şirkət öz planlarını ABŞ-ın Qida və Dərman Administrasiyası ilə müzakirə etməyi yekunlaşdırmadan öncə bildirdi ki, 94 nəfər vaksin və ya plasebonun ikinci dozasını qəbul etdikdən sonra bir həftə içərisində infeksiyaya yoluxub.
“Pfizer” şirkətinin sınaqları kənardan neytral şəkildə müşahidə edən ekspertlər komandası – Məlumat və Təhlükəsizlik Monitorinqi Şurası məlumatları ifşa etdi və müəyyən olundu ki, könüllülərin 90%-i plasebo və ya təsirsiz maddə qəbul edib.
Fauçinin sözlərinə görə, bu, “Pfizer” şirkətinin sınaqlarının və ABŞ ərazisində yenicə 10 milyona çatan yoluxma sayının böyük hissəsini təşkil edir.
“Cavab sınaqların həcmindən və cəmiyyətdə nə qədər yoluxmanın baş verməsindən asılıdır” – Fauçi deyib. “Pfizer” şirkəti tərəfindən aralıq təhlili üçün istifadə edilən bütün yoluxma hallarının ABŞ ərazisində baş verib-verməməsi dəqiq deyil. Şirkət həmçinin Braziliya, Cənubi Afrika, Yaponiya və digər ölkələrdə vaksini sınaqdan keçirir.
“Bu sınaqda 44 min nəfər iştirak edirdi və biz hazırda böyük bir irəliləyişin ortasındayıq. Bu iki məqam birlikdə cavabı dərhal tapmaq ehtimalını artırır. Elə bu da oldu: biz cavabı dərhal tapdıq” – Fauçi əlavə edib.
Fauçi qeyd edib ki, o, “Pfizer” şirkətinin təxminən on gün ərzində təcili istifadə icazəsi almaq üçün Qida və Dərman Administrasiyasına müraciət edəcəyini gözləyir. Bununla müddət iki aya bərabər olacaq, çünki könüllülər vaksinin ikinci dozasını qəbul ediblər. Qida və Dərman Administrasiyası vaksin istehsalçılarından icazə almaq üçün müraciət etməzdən əvvəl iki aylıq təhlükəsizlik məlumatlarını təqdim etməyi tələb edib.
Meqi Foks
Mənbə: CNN