Novator.az Qarabağ cəbhəsində müharibənin dayanmasını nəzərdə tutan razılaşmaya reaksiyaları təqdim edir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Laçın və keçmiş Ağdərə rayonlarının ümumilikdə 4 qəsəbəsi və 286 kəndi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzaladığı noyabrın 10-na keçən gecə açıqlanıb. Sənədə görə, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır.
Tərəflər (Azərbaycan və Ermənistan) hazırda tutduqları mövqelərdə qalır, noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək Laçın rayonu Azərbaycana qaytarılır.
Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.
Hərbi əsirlər, girovlar və digər saxlanan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb ki, ciddi suallar yaradan bir bəyanat imzalanıb: “Rusiya qoşununun Azərbaycana gəlməsi konstitusiyaya ziddir. Türkiyənin sülhməramlı missiyada iştirakı barədə danışılsa da, imzalanan sənəddə bu barədə heç nə yazılmayıb”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu 10 noyabr sənədini belə şərh edib: “Tarixən Rusiyanın adı sülh və barışıqla assosiasiya olunmur. Adətən bölücülüyə gətirib çıxaran, böyük rus maraqlarını ifadə edən, Kremlin vasitəçiliyi ilə imzalanan sazişlərə ehtiyatla yanaşmalıyıq. Hazırkı saziş də bölgədə daha çox Rusiyanın maraqlarını ifadə edir.
Biz 100 faizli qələbəyə çox yaxın idik. Hətta bu qələbə yaxın günlər ərzində də baş verərdi. Azərbaycan ordusunun Şuşada olması Xocavəndin, Xankəndinin, Xocalının və Ağdamın minimum itki ilə tezliklə azad edilməsi deməkdir. Şuşa Azərbaycan Ordusuna Qubadlı, Cəbrayıl və Laçın istiqamətində də mövqeləri möhkəmləndirmək imkanı yaradırdı.
Kəlbəcərə və Ağdərəyə də şimal cəbhəsində çox yaxınlaşmışdıq. Belə olan halda sülh yolu ilə həmin ərazilərin bir qisminin (Kəlbəcər, Laçın və Ağdam) azad edilməsi, digərlərinin (Xankəndi, Xocavənd, Ağdərə və Xocalı) ermənilərin yaşayış məskəni olaraq saxlanması milli maraqlara cavab vermir.
10 noyabr razılaşmasının ən müsbət cəhəti Dağlıq Qarabağın statusunun müzakirələrdən çıxarılması və Naxçıvanla nəqliyyat-kommunikasiya imkanlarının yaradılması, mənfi cəhəti isə sülhməramlılar adı ilə rus qoşunlarının ən azı 5 illiyə Azərbaycan torpağında qalması və bölgədə vacib nəqliyyat, kommunikasiya infrastrukturunun Rusiyanın nəzarətinə keçməsidir.
Türkiyə qoşunlarının ruslarla bərabər Qarabağa gələcəyi ilə deyilənlər açıqlanan sənədlə təsdiqini tapmır. Ümumiyyətlə, Azərbaycan ərazisində xarici hərbi qulluqçuların yerləşdirilməsi suverenliyə, müstəqilliyə xələl gətirir və bu yalnız hərbi təhlükəsizlik deyil, həm də böyük mənada siyasi və strateji məsələdir”.
Respublikaçı Alternativ Partiyasının liderlərindən olan Natiq Cəfərli yazıb ki, 45 günlük müharibəni Azərbaycan uddu, Ermənistan uduzdu, amma son 200 ildə olduğu kimi, regionda qələbə çalan Rusiya oldu.
Siyasi icmalçı Qulu Məhərrəmli özünün “Facebook” səhifəsində qeyd edib ki, müharibənin dayandırılması, Ağdam, Kəlbəcər və Laçının cədvəl üzrə döyüşsüz qaytarılması, Dağlıq Qarabağın statusu məsələsinin gündəmdən çıxarılması, bölgədə yol-kommunikasiya xətlərinin işə düşməsi imkanlarının yaranması müsbət hadisədir: “Amma bu razılaşmadan irəli gələn bəzi ciddi narahatlıqlar da var. Əvvəla, erməni işğalçı qüvvələrinin Qarabağdan çıxıb-çıxmaması aydın deyilmir. Həmin hərbi gücün qalması qalibiyyətli müharibənin məntiqinə, Azərbaycanın iradəsinə və ümumi təhlükəsizliyə ziddir. Ona görə də bu məsələyə, eləcə də bölgədə Azərbaycanın suverenliyinin bərpası, o cümlədən Bakının tətbiq edəcəyi idarəçiliyə aydınlıq gətirilməlidir.
İkinci çox ciddi narahatlıq Rusiya qoşunlarının “sülhməramlı” qismində Qarabağa gətirilməsidir. Çox adam haqlı olaraq bunu Azərbaycanın müstəqilliyinə təhlükə hesab edir, çünki bizim yaddaşımızda Rusiyanın yalnız işğalçı obrazı var. Digər tərəfdən Qarabağ problemini yaradan da, erməniləri separatizmə şirnikləndirən də elə Rusiyadır. O səbəbdən də Rusiyanın adı və davranışı həmişə bizdə səksəkə yaradır.
Lakin bu məsələdə müəyyən təsəlli və ümid yeri var: Türkiyə silahlı qüvvələrinin məhdud kontingenti və türk zabitləri sülhməramlıların davranışının monitorinqini aparacaq. Yəni razılaşmada adı çəkilməsə də Türkiyə bu prosesdə iştirak edəcək”.