2020-2021 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasının qrup raundunda təmsil edən “Qarabağ” ilk dövrəni uğursuz tamamlayıb.
Hərbi vəziyyət üzündən “Qarabağ” ev oyunlarını neytral meydanda keçirir. Komanda səfərdə İsrail “Makkabi”sinə (Tel-Əviv) 0:1, Türkiyə “Sivasspor”una 0:2, neytral meydanda İspaniya “Vilyarreal”ına 1:3 hesabları ilə yenilib.
Üç turdan sonra İ qrupunda ispanlar 9, israillilər 6, sivaslılar 3 xal yığıb, ağdamlılar xalsızdır.
Qalan oyunların təqvimi belədir:
26 noyabr
“Qarabağ” – “Sivasspor”
“Makkabi” – “Vilyarreal”
3 dekabr
“Qarabağ” – “Makkabi”
“Sivasspor” – “Vilyarreal”
10 dekabr
“Vilyarreal” – “Qarabağ”
“Makkabi” – “Sivasspor”.
Növbəti mərhələyə çıxmaq üçün qrupda azı ikinci yeri tutmaq gərəkdir.
Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az-a açıqlamasında “Qarabağ”ın 1/16 finala vəsiqə almaq şanslarını dəyərləndirib. O qeyd edib ki, “Qarabağ” qrupdan çıxmaq üçün qalan üç oyunda qələbə qazanmağa çalışmalıdır: “Həmçinin ikinci yerə iddialı “Makkabi” və “Sivasspor”un “Vilyarreal”a məğlub olmaları, öz aralarındakı matçın ya heç-heçə, ya da Türkiyə klubunun qələbəsi ilə başa çatması lazımdır. Bu zaman “Qarabağ” 9 xalla ikinci yeri tuta bilər.
Ağdamlılar 7 xalla da (iki qələbə, bir 1 heç-heçə) ikinci yeri tuta bilər. Bunun üçün “Makkabi”nin qalan oyunlarda ən yaxşı halda 1 xal qazanması, “Qarabağ”a iki top fərqi ilə məğlub olması, həmçinin “Sivasspor”un qalan üç oyunda maksimum 3 xal əldə etməsi lazımdır.
“Qarabağ” “Makkabi” və “Sivasspor”a böyük hesablarla qalib gələcəyi halda 6 xalla da ikinci yerə ümid edə bilər.
Yekunda komandaların xalları eyni olsa, ilk növbədə onların öz aralarındakı oyunlarda qazandıqları xallara, sonra top fərqinə, ümumilikdə vurulan topların və rəqib meydanında vurulan topların sayına baxılacaq”.
“Qarabağ” 2020-2021 mövsümünə Çempionlar Liqasından başlayıb, birinci mərhələdə Şimali Makedoniyanın “Sileks” komandasını (4:0), ikinci mərhələdə Moldovanın “Şerif” klubunu (2:1) ələyib, üçüncü mərhələdə Norveç “Molde”sinə uduzub (0:0, penalti seriyasında – 5:6), Avropa Liqasının dördüncü raundunda Polşa “Legiya”sını udub.
Əsası 1951-ci ildə Ağdam şəhərində qoyulan “Qarabağ” komandası 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-in, 8 dəfə müstəqil Azərbaycanın çempionu olub.
Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.