Noyabrın 6-da ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində saxlanıb. Bu məzənnə noyabrın 10-dək qüvvədə olacağı üçün qiymət sabitliyinin 32-ci ayı – iki il səkkiz ayı tamamlanır.
Mərkəzi Bankın 2015-ci ildə apardığı iki devalvasiya ilə dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı il 1,7707 manat, 2017-ci il 1,7001 manatla başa çatıb.
2018-ci il martın 7-dən dollar banklara 1,7 manata təklif olunur.
Novator.az-ın məlumatına görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 6 milyard 170,4 milyon dollar məbləğində vəsait satıb. Manatı qorumağa yanvarın hərraclarında 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar, mayın hərraclarında 334 milyon dollar, iyunun hərraclarında 373,2 milyon dollar, iyulun hərraclarında 515,5 milyon dollar, avqustun hərraclarında 478 milyon dollar, sentyabrın hərraclarında 606,4 milyon dollar, oktyabrın hərraclarında 560,3 milyon dollar sərf olunub.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.