Nazirlər Kabineti xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım (birdəfəlik pul yardımı) göstərilməsi qaydasını təsdiqləyib. Qayda 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Novator.az bildirir ki, sənəddə xaricdə yaşayan aztəminatlı azərbaycanlı anlayışı belə verilir: orta aylıq gəliri yaşadığı xarici ölkənin orta aylıq əməkhaqqından az olan və həmin ölkədə 182 gündən çox müddətdə yaşayan azərbaycanlı.
Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların Azərbaycandan bu hallarda sosial yardım almaq hüququ var:
– qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;
– fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;
– vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycana gətirilməsi zərurəti yarandıqda.
Sosial yardım almaq istəyən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməlidir. Müraciətə bu sənədlər əlavə edilir:
– sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;
– yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.
Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir.
Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur.
Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sosial yardımın ödənməsi həyata keçirilir.
Yardımın yuxarı həddi 3000 manat müəyyən olunub.
Prosesə nəzarəti Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir.
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna görə, “xaricdə yaşayan azərbaycanlılar” dedikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən bu şəxslər başa düşülür:
– Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;
– əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları;
“Xaricdə yaşayan azərbaycanlılar” anlayışı həmçinin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına şamil olunur.