Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, prezident Qarabağdakı müharibədən danışıb: “Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik.
Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlər boyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır”.
“Dağlıq Qarabağın muxtariyyətini qəbul etməyə hazırsınızmı” sualını dövlət başçısı belə cavablandırıb: “Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən – 5 üstəgəl 2 rayondan qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd ediblər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada Alan adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcəyi haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm”.