Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 yaşayış evi, 100 çoxmənzilli bina, 502 mülki obyekt dağılıb.
Hesabatı Baş Prokurorluq yayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi fazaya keçib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun ümumilikdə 3 qəsəbəsi və 199 kəndi, Kəlbəcər istiqamətində bəzi məntəqələr azad olunub.
Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri (Daşkəsən, Gədəbəy, Göygöl, Kürdəmir, Qəbələ, Abşeron, Xızı, Siyəzən) atəşə tutur.