Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Xəbəri noyabrın 4-də prezident, ali baş komandan İlham Əliyev özünün “Tvitter” hesabında yayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun xeyli kəndi və qəsəbəsi, Kəlbəcər istiqamətində bəzi məntəqələr azad olunub.