Qarabağ döyüşləri Silahlı Qüvvələrə Yardım Fondunda vəsaitlərin kəskin artımına gətirib. Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 1-dən noyabrın 2-dək fonda 77,9 milyon manat, 10,7 milyon ABŞ dolları, 147,2 min avro, 5 milyon rubldan çox vəsait daxil olub.
Rəsmi hesabata görə, noyabrın 2-dək fondda 198 milyon manat, 10,9 milyon ABŞ dolları, 165,5 min avro, 495,5 min türk lirəsi, 1,2 min ingilis funt sterlinqi və 5 milyon 62,5 min rubl toplanıb.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
2020-ci ilin əvvəlində Silahlı Qüvvələrə Yardım Fondunda 106,8 milyon manat, 213,5 min ABŞ dolları, 17,5 min avro və 5000 rubl vardı.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun ümumilikdə 192 kəndi və 3 qəsəbəsi, Kəlbəcər istiqamətində bəzi məntəqələr azad olunub.