“Haaretz” qəzeti: Koronavirus iqtisadi ideologiyanı öldürdü
- 04 Noyabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərhYazarlar
İsrailin “Haaretz” qəzetində “Koronavirus iqtisadi ideologiyanı öldürdü. Bəs bundan sonra nə edəcəyik?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Sami Peresdir. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
İşsizlik müavinətini 6 aydan 18 aya qədər uzadan, müəssisələrə dövlət krediti ayıran, insanları yerli məhsul almağa çağıran və zaman-zaman vətəndaşlara birdəfəlik müavinət verən baş nazir Netanyahu sözün hər mənasında sosialistdir və yaxşı köhnə sosializmi ehtiva edir.
Amerika kapitalizminin bayrağını dalğalandıran Benyamin Netanyahu yuxarıda sadalananların hamısını edib. İdeologiyaya nə oldu? Bir böyük böhranla hər şey yoxa çıxacaq?
Görünür, koronavirusun səhiyyədə və iqtisadi sahədə yaratdığı böhran nəticəsində ideologiya öz əhəmiyyətini itirib. COVİD-19 onu öldürüb. İndi onu praqmatizm əvəz edir və sosial-iqtisadi siyasət diktə edilir.
Müəssisələrin bağlanması haqqında hökumət əmri və bir milyona yaxın israillinin işsiz qalması heç kəsi təəccübləndirməməlidir. Hökumətin təcili həllərə ehtiyacı var və baş verə biləcək ən pis halların qarşısını almaq üçün dövlətdən böyük miqdarda pulların xərclənməsi tələb olunur.
Netanyahu işsizlərə lütfkarlıq göstərmir. Netanyahu onlara minimum səviyyədə yardım edir, lakin İsrail böyük bir yanğınla mübarizə apardığı zaman çoxlu suya ehtiyacı olur. Suyun haradan gələcəyini soruşmağa və ya ətraf mühitə dəyən ziyanı düşünməyə vaxt yoxdur. İdeologiya başqa bir gün üçündür.
Əslində, hökumət 2021-ci il büdcəsini təsdiqləsəydi, Netanyahu ideologiyaya qayıda bilərdi, lakin büdcənin Knessetə təqdim edilməsi təxirə salındığına görə bu, arxa plana keçdi. Ön planda isə hökumət siyasəti – Netanyahunun seçki təyinatı haqqında optimal həll yolu axtarmaq planı durdu.
Büdcənin ideoloji bir elementi var. Bu, hökumətin prioritetlərini və onun hansı istiqamətdə hərəkət etmək istədiyini ifadə edir. O, genişləndirmə siyasətini davam etdirmək istəyirmi? Dövlət yardımının insanları işdən soyutmaq kimi, əks təsirləri varmı? Koronavirus rejimindən çıxmaq üçün nə cür strategiya qururuq? Biz yeni sosial-iqtisadi reallıq yaradırıq? Cavab “bəli”dirsə, bu nəyə bənzəyəcək? Yoxsa biz virusdan əvvəlki status-kvoya qayıtmaq istəyirik?
Bunlar qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektiv tələb edən mürəkkəb məsələlərdir. Lakin hökumət indi yalnız ən qısa mülahizələrlə məşğuldur. Uzunmüddətli perspektiv yaratdığı yeni reallığı və siyasi nəticələri ondan deşifrə etməyi tələb edəcəkdi.
Məsələn, yay aylarında maliyyə naziri İsrail Kats xəzinədarlığın direktoru Şaul Meridora tapşırmışdı ki, dövlət sektoru xərclərinin üç il ərzində 45 milyard şekel (13,2 milyard dollar) azalması üçün nəhəng proqram hazırlansın. İdeya – koronavirus ilə bağlı hökumət xərclərinin böyük qisminin dövlət sektoru tərəfindən ödənilməsindən ibarət idi. Bundan başqa, bu, hələ də qeyri-mütənasib olaraq özəl sektorun üzərinə düşən böhranın yükünü aradan qaldırmağa kömək edəcəkdi.
Plan mətbuat şərhi və Histadrutun əmək federasiyası tərəfindən ona qarşı çıxmaq təhdidi mərhələsindən keçməyib. Meridor, əlbəttə ki, Katsla şiddətli mübahisədən sonra işdən çıxmağa məcbur oldu.
Lakin lap əvvəldən indiki hökumətin belə bir miqyasda və müddətdə bu cür çətin qərar qəbul etmək şansı olmamışdı. Koronavirus fürsətə çevrilmiş bir böhran ola bilərdi, ancaq hökumət hal-hazırda fürsətlərlə məşğul olmur.
Hər halda, Katz planı ilə irəliləməməkdə müəyyən iqtisadi məntiq var. Dövlət sektoru maaşlarının kütləvi şəkildə azaldılması istehlak tələbatına yalnız iqtisadiyyatın koronavirus çuxurundan çıxmağa çalışdığı anda zərər verə bilərdi. Bu, böhranın çətin dilemmalarının göstəricisidir: onun hərəkət etmək imkanı yaratdığı anı necə düzgün müəyyənləşdirmək olar? COVİD-19 pandemiyasının davam etməsi, ikinci karantin rejimi və İsrailin üçüncü karantinə tətbiq etməli olacağı real risk yeni təşəbbüsləri, daha az cəsarət istəyən yeni təşəbbüslərin tətbiqini demək olar ki, mümkünsüz edir.
Nəhayət, büdcəni və islahatları hazırlamaq vaxtı gəldikdə (istər cari, istərsə də gələcək hökumət olsun), onun hazırkı genişləndirmə siyasəti məsələsini həll etməkdən başqa seçimi olmayacaq. Onun həll keyfiyyəti bir neçə mülahizə əsasında müəyyən ediləcək.
Koronavirus böhranı hər kəsə eyni dərəcədə təsir etməyib – daha az zərər çəkənlərin və ya ümumiyyətlə zərər görməyənlərin zərər çəkənlərə kömək etməsi tələb olunur.
Karantinin tətbiqi barədə qərarı bazar qüvvələri deyil, hökumət verdi. Hökumət karantin nəticəsində dəymiş zərəri ödəməli olacaq.
Böhran bir çox iş yerinin itirilməsinə səbəb oldu – bu, hökumətdən stimul və investisiya yolu ilə yeni iş yerlərinin yaradılmasına təkan verməyi tələb edəcək.
Böhran sosial həmrəyliklə bağlı bir çox suallar yaratdı, o cümlədən İsrail cəmiyyətinin müxtəlif təbəqələrinin hökumət direktivləri üzrə fərqli reaksiyalarını üzə çıxardı. Qaydalara əməl edən bir qrup cəmiyyət qaydalara əməl etməyən digər qrup cəmiyyəti maliyyələşdirməlidirmi?
Şübhəsiz ki, koronavirusdan sonra dünyada iqtisadi canlanmanın baş verməsi üçün böyük təşəbbüslər və genişləndirmə siyasətləri tələb olunacaq. Böhrandan əvvəl də İsrail yoxsulluq səviyyəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına rəhbərlik edirdi. Burada açıq şəkildə Haredi cəmiyyətindəki yoxsulluğun yüksək dərəcələri nəzərdə tutulur, lakin pandemiya yeni bir növ koronavirus yoxsulluğu yarada bilər. Belə olduğu təqdirdə, hökumət İsrail xalqı arasında iki növ yoxsulluğu ayıran siyasətlər hazırlamalı olacaq.
Söhbət yalnız iqtisadi siyasət məsələsindən getsəydi, bu, kifayət qədər asan olardı, lakin hökumət siyasəti buna mane ola bilər. Biz yerli COVİD infeksiyası səviyyəsinə görə şəhərləri təsnif edən işıqfor sisteminin necə siyasi fırtınaya səbəb olduğunu gördük. Nəticədə o, müvəffəqiyyətsizliyə uğradı və İsrail ümummilli karantin rejimi tətbiq etməyə məcbur oldu. Bu, koronavirusdan sonrakı dövrdə yoxsulluqla mübarizədə diferensiallaşdırılmış siyasət tətbiq etməyin necə çətin olacağına dair bir dərs olmalıdır.
Ən qabaqcıl sosial təminat siyasətləri insanları bacarıqlara yiyələnməyə və əmək bazarına çıxmağa sövq edir. Onlar bir qayda olaraq sosial həmrəylik səviyyəsinin yüksək olduğu ölkələrə meylli olurlar. Homogen cəmiyyət ilkin şərtdir.
İqtisadiyyatın bərpasına və koronavirusun nəticələrinin aradan qaldırılmasına yönələn siyasətlər hazırlamaqla yanaşı, İsrail artım və məhsuldarlığı stimullaşdıracaq sağlam sosial təminat siyasətini də inkişaf etdirməlidir. Heterogen İsraildə bu cür siyasətlərin həyata keçirilə bilib-bilməməsinə dair ciddi bir sualla qarşılaşırıq. Təəccüblü deyil ki, hazırkı hökumət bu məsələnin həllini mümkün qədər uzun müddətə təxirə salmaq istəyir.
Sami Peres,
Mənbə: “Haaretz.com”