Avstriya polisi paytaxt Vyanada üç nəfərin ölümü ilə nəticələnən silahlı hücumlarda şübhəli bilinənləri axtarır.
Noyabrın 1-i axşam şəhərin mərkəzində, altı fərqli yerdə odlu silahla 3 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.
Novator.az BBC-yə istinadla xəbər verir ki, Atışmaların hamısı sinaqoqun yaxınlığında baş verib, lakin hədəfin sinaqoq olub-olmadığı hələ məlum deyil.
Polis şübhəlilərdən birini vura bilib. Avstriyanın daxili işlər naziri Karl Nehammer öldürülən hücumçunun müsəlman olduğunu, bədəninə partlayıcı kəmər bağladığını bəyan edib. Nazirin sözlərinə görə, terrorda iştirak edən digər şübhəli şəxs hələ azadlıqdadır. Karl Nehammer insanları Vyananın mərkəzinə toplaşmamağa, uşaqları hələ məktəbə aparmamağa çağırıb.
Avstriya kansleri Sebastyan Kurts hadisəni “iyrənc terror aktı” adlandırıb. O, ölkənin çətin saatlar yaşadığını deyib: “Polisimiz bu çirkin terror hadisəsini törədənlərə qarşı qətiyyətlə hərəkət edəcək. Heç vaxt imkan vermərik ki, bizi terrorla qorxuda bilsinlər”.
Hadisə koronavirusun yayılmasını dayandırmaq üçün ölkədə yeni məhdudiyyətlərin tətbiqindən bir neçə saat əvvəl baş verib. Gecə yarısı olduğundan barlarda, restoranlarda xeyli adam olub.
Sinaqoq yaxınlığında yerləşən kafe və restoranların kənarındakı insanlara atəş açılan kimi xüsusi təyinatlı qüvvələr hərəkətə gəlib. Tüfəng, tapança və qumbara ilə silahlanmış cinayətkarı vurmağa çalışarkən bir polis güllə yarası alıb.
Avstriyadakı yəhudi icmasının rəhbəri hücumun sinaqoqun bağlandığı anda baş verdiyini bildirib.
“Kronen Zeitung” qəzetinin yazdığına görə, sinaqoqu qoruyan zabit də yaralanıb.
Atışmada neçə hücumçunun iştirak etdiyi hələ dəqiq müəyyən olunmayıb.
Vyananın polis rəisi ölənlərdən ikisinin kişi, birinin qadın olduğunu açıqlayıb.
İlkin xəbərlərdə bir şübhəlinin tutulduğu iddia edilsə də, daxili işlər naziri bunu təsdiqləməyib.
Hadisənin şahidlərindən biri BBC-yə deyib: “20-30 dəfə fişəng səsinə oxşar səslər eşitdik. Sonradan bunun odlu silahdan açılan atəş olduğunu anladıq. Təcili yardım maşınları ard-arda düzülmüşdü. Yanımızda küçədə yıxılmış bir adamın həlak olduğunu gördük”.
Polis şəhər mərkəzinin ətrafında postlar qurub. Əhaliyə ərazidən uzaq durmaq və ictimai nəqliyyatdan istifadə etməmək tövsiyə olunub.
Qonşu Çex Respublikasının polisləri silahlı şəxsin bu ölkəyə qaçmağa çalışacağı ehtimalını nəzərə alaraq Avstriya ilə sərhəddə yoxlamalar aparırlar.
Dünya liderləri terror hadisəsini kəskin şəkildə qınayıblar.
Böyük Britaniyanın baş naziri Boris Conson bu dəhşətli hücumlardan şoka düşdüyünü deyib: “Fikrimiz Avstriya xalqının yanındadır – terrora qarşı mübarizədə sizinlə bir yerdəyik”.
Fransa prezidenti Emmanuel Makron hücumlar qarşısında təslim olmamağa çağırıb: “Biz fransızlar Avstriya xalqının kədərini bölüşürük. Bura bizim Avropamızdır. Düşmənlərimiz kiminlə üzləşdiklərini bilməlidirlər”.
ABŞ prezidenti Donald Tramp hadisəni “Avropada daha bir çirkin terror aktı” kimi xarakterizə edib: “Günahsız insanlara qarşı yönəlmiş bu mənfur hücumlara son qoyulmalıdır. ABŞ terrorçularla mübarizədə Avstriya, Fransa və bütün Avropanın yanındadır”.
Niderlandın baş naziri Mark Rutt da atışmanı pisləyib və Avstriya ilə həmrəy olduqlarını vurğulayıb.
Mənbə: BBC