Prezidentin mətbuat xidməti xəbər verir ki, noyabrın 2-də dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları məsələləri, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
Kremlin.ru saytı Vladimir Putinin noyabrın 1-i Ermənistanın baş naziri Nikol Paşinyanla da eyni mövzuda telefon söhbətinin olduğunu bildirir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
Azərbaycan Ordusunun sentyabrın 27-dən apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, 3 qəsəbə və 192 kənd işğaldan qurtulub.
Dağlıq Qarabağ münaqişəsinin dinc həllində ATƏT-in Minsk qrupu vasitəçidir. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Oktyabrın 10-da Azərbaycanla Ermənistan həlak olanların meyitlərini və əsirləri dəyişmək üçün humanitar atəşkəs barədə razılığa gəlsə də, atəşkəs baş tutmayıb. Oktyabrın 18-də və 26-da razılaşma yenilənib, amma atəş yenə dayanmayıb.
Oktyabrın 30-da Azərbaycanın və Ermənistan qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almamaq; Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işi üçün təhlükəsizlik zəmanətləri vermək, döyüş sahəsindəki meyitlərin toplanması və mübadiləsində fəal iştirak; bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim etmək; atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim etmək razılığına gəliblər.