Gürcüstanda müxalifət parlament seçkisinin ilkin rəsmi nəticələrini qəbul etmir. Noyabrın 1-də ölkə parlamentinin binası və hakim partiya sədrinin iqamətgahı qarşısında toplaşan müxalifət təmsilçiləri 31 oktyabr seçkisinin nəticələrinin ləğvi və yeni seçki tələbləri qoyublar. Bəzi müxalif fəallar parlament binası önündə gecələyib.
Novator.az bildirir ki, oktyabrın 31-də keçirilmiş parlament seçkisinə 48 partiya və 2 blok qatılıb. 150 yerlik parlamentdə 120 mandat partiya siyahıları, 30 mandat dairələr üzrə səsverməyə çıxarılıb.
İlkin rəsmi nəticələrə görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası proporsional sistemlə 48,1% səs əldə edərək qalib olub. Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku 27,1% səslə ikinci yerdədir.
1%-lik baryeri daha yeddi siyasi qüvvənin keçdiyi bildirilir.
Majoritar sistem üzrə 17 mandatın taleyinə ikinci turda aydınlıq gələcək.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildə yaradılıb, həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Baş nazir postunu bu partiyanın təmsilçisi Georgi Qaxariya tutur. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.
İndiki parlamentdə təmsil olunan Vahid Milli Hərəkat Partiyasının qurucusu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidir. “Güc birlikdədir” bloku onu baş nazirliyə namizəd göstərib.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında həbs hökmləri var, hazırda Ukraynada yaşayır.