Beş dəqiqə. Bu bazar günü Minskdə təşkil olunan “Terrora qarşı yürüş”ə polis məhz 5 dəqiqə ərzində hücum etdi. Aksiyanın 1930-cu illərdə on minlərlə insanın edam edildiyi Kurapati meşəsi istiqamətində təşkil olunduğunu nəzərə aldıqda, onun dağıdılması da simvolik xarakter daşıyır. Prezident Lukaşenko ötən cümə xəbərdarlıq etmişdi: “Artıq bəsdir, geri çəkilməyəcəyik!”
Günorta saat 2-də Çelyuskin parkının qarşısında havaya güclü atəş açıldı. Kimisi “OMON”, kimisi “Sakitləşin!” deyə çığırır, kimisi ağ-qırmızı-ağ zolaqlı bayrağı cibinə dürtüb prospekt yaxınlığında hündür binalara tərəf qaçaraq çıxış yolu tapmağa ümid edirdi. Sonra bəziləri aksiya yerinə qayıdır, bəziləri isə qayıtmırdı.
“Polis xalqı qorxutmağa çalışır, bu kor-koranə repressiyanın başqa bir məntiqi yoxdur”. Keçmiş jurnalist, Svetlana Tixanovskayanın hazırkı məsləhətçisi L.Franak Vyakorka “Liberation”a açıqlamasında belə deyir.
Onun sözlərinə görə, aksiyaçılar sadəcə mərkəzə doğru getməyə çalışırdılar: “Düşünmürəm ki, onlar diktatoru devirmək istəyirdilər. Bu gün ölkənin yeni daxili işlər nazirinin “debüt”ünün şahidi olduq. İvan Kurbakovun nazir kimi ilk günü idi və o, əvvəlki nazirdən də qəddar davrandı”.
Lukaşenko isə hesab edir ki, sabitliyi qorumaq üçün müəyyən qədər təzyiq göstərilməli idi.
Svetlana Tixanovskayanın ultimatumu bitəndən sonra bir həftə ərzində nəhəng nümayişlər və ümumi tətil başlandı, nəticədə prezident intizamı sərtləşdirdi. Minskdə bar və restoranların əksəri tətilə qoşulduğu üçün cəzalandırıldı – 3 aylığa bağlandı. Rejimə qarşı çıxan tələbələr və onların müəllimləri dövlət təhsil müəssisələrindən qovuldular. Dövlət fabriklərində çalışanlar iş yerlərini itirdilər. Çərşənbə axşamı xəbərdarlıq edilmədən, qəfildən ölkənin bütün quru sərhədləri bağlandı, həmçinin Belarus vətəndaşları üçün.
25 oktyabrdan, ultimatum başa çatandan bu yana 500 nəfər tutulub. 1 noyabr aksiyasında isə 200 nəfərin, o cümlədən jurnalistlərin saxlanıldığı bildirilir. Amma axşam saatlarında nümayişçilərin bir neçə yüz, bəzi mənbələrə görə, bir neçə min nəfəri Kurapati meşəsinə çata bilib.
Beləliklə, müxalifət özünün ən vacib tədbirindən – on ikinci nümayişindən məhrum oldu. Bu nümayişlər Svetlana Tixanovskayanın Aleksandr Lukaşenkonun rəsmi qələbəsini tanımadığına görə keçirilir. Hazırda xalqın səfərbərliyi stabildir, təkcə Minskdə hər bazar günü 100 min nəfər aksiyaya çıxır. Həmin izdihamların şəkilləri belarusların möhkəm dayandığını bütün dünyaya, o cümlədən Lukaşenkoya sübut edir.
Aniya Novak,
Minskdə xüsusi müxbir
Mənbə: “Liberation”, 2 noyabr 2020
Xatırlatma:
Avqustun 9-u ölkədə prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət və ictimai fəallar seçkinin rəsmi nəticələri ilə barışmır, etiraz aksiyaları səngimir. Sentyabrın sonlarından ölkədə ümummilli tətil elan olunub, Aleksandr Lukaşenkonun istefası, yeni prezident seçkisi keçirmək tələbləri irəli sürülüb. Tətilə müəssisələr, təhsil ocaqları qoşulub. Hökumət aksiyaları yatırtmaq üçün repressiyalar aparır.
Qərb ölkələri aksiyaya dəstək verir. ABŞ, Kanada, Böyük Britaniya, 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirən Avropa İttifaqı 9 avqust seçkisinin bəyan olunan nəticələrinin xalqın iradəsini əks etdirmədiyini vurğulayır, Aleksandr Lukaşenkonun dövlət başçısı kimi tanımır. Ölkənin bəzi məmurlarına sanksiyalar qoyulub.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.