Moldovada prezident seçkisi ikinci tura qalıb. Novator.az-ın məlumatına görə, noyabrın 1-də səkkiz namizədin iştirakı ilə keçirilmiş ilk turda sabiq baş nazir, Hərəkət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 36,1% səslə önə çıxıb. O, noyabrın 15-nə təyin olunmuş ikinci turda indiki prezident İqor Dodonla yarışacaq. Dövlət başçısı birinci turda səslərin 32,6%-ni toplayıb.
1972-ci il təvəllüdlü Mayya Sandu Moldovada İqtisadi Təhsil və Dövlət İdarəçiliyi akademiyalarını, ABŞ-da Harvard Dövlət İdarəçiliyi İnstitutunu bitirib.
2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir olub.
1975-ci il təvəllüdlü İqor Dodon iqtisad elmləri doktorudur. Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub, Sosialist Partiyasının sədri olub. 2016-cı il noyabrın 13-də keçirilən ümumxalq səsverməsində prezident seçilib.
Moldovada prezidentin səlahiyyət müddəti 4 ildir.
Parlament respublikası olan ölkədə hökuməti 101 yerlik qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur.