Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.
Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsi ilə bağlı sualın cavabında dövlət başçısı deyib ki, Azərbaycan vaxtilə bunu təklif edib, lakin ermənilər həmişə bu təklifi rədd ediblər, müstəqillik tələb ediblər. Ona görə də muxtariyyətlə bağlı heç bir razılığa gəlinməyib: “Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu 27 il ərzində bizim onlara təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar.