Prezident, ali baş komandan İlham Əliyev Vətən müharibəsində yeni qələbələrdən xəbər verib. Oktyabrın 30-da özünün “Tvitter” hesabında məlumat yayan dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi, strateji yüksəkliklər, eləcə də Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.