Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində səfərdədir. Xəbəri oktyabrın 30-da Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi yayıb.
Ceyhun Bayramovun Dağlıq Qarabağ münaqişəsinin dinc həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla bir araya gələcəyi gözlənir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 68 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 40 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi (keçmiş Ağdərə rayonu ərazisindəki kəndlər), Qubadlı şəhəri və rayonun 14 kəndi, həmçinin Ağdərə və Kəlbəcər istiqamətlərində strateji yüksəkliklər azad olunub.
1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.