Novator.az Qarabağ müharibəsinin qısa tarixçəsini təqdim edir.
Başlanğıc
1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayır. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırır. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alır, bununla separatçı hərəkat açıq təcavüzə çevrilir.
Moskva idarəçiliyi, qanunsuz qərar
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən çıxarılaraq birbaşa Moskvaya bağlanır, başında Arkadi Volskinin dayandığı Xüsusi İdarəetmə Komitəsi yaradılır.
Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilir.
1989-cu il dekabrın 1-də Ermənistan Ali Sovetinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirlməsi barədə qərar çıxarılır.
Bakının nəzarəti
1990-cı ilin yanvarından bölgə Bakının yaratdığı Respublika Təşkilat Komitəsi (rəhbəri – Viktor Polyaniçko) vasitəsilə idarə olunur.
Qondarma rejim
1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənir, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verir.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunur (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edir.
Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.
İşğal genişlənir
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilir.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunur.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.
Müharibədə dönüş
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilir.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur.
Avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçir.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.
Fəlakət mərhələsi
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edirlər.
İyulun 23-də Ağdam şəhəri işğal edilir.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunur.
Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilir.
Oktyabrın 29-da Zəngilan rayonu işğal edilir.
Əks-hücum və atəşkəs
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilir.
1994-cü ilin mayında Rusiya atəşkəs layihəsi təqdim edir. Layihə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Qırğızıstan paytaxtı Bişkekdə keçirilən iclasında təqdim olunur. Mayın 5-də Bişkekdə həmin sənədi Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, MDB Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri imzalayırlar.
Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkirlər.
Bişkek protokolu adlanan həmin sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi bağlayırlar.
Tərpəniş
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir.
Yeni müharibə
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 68 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 40 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi (keçmiş Ağdərə rayonu ərazisindəki kəndlər), Qubadlı şəhəri və rayonun 14 kəndi, həmçinin Ağdərə və Kəlbəcər istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Əməliyyatlar davam edir…
Dağlıq Qarabağ münaqişəsinin dinc həllində ATƏT-in Minsk qrupu vasitəçidir.
1992-ci il martın 24-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki görüşündə Minskdə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb. Hazırda 11 üzvdən ibarət (Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan) Minsk qrupuna ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.