Oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərib.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Azərbaycanın hava hücumundan müdafiə bölmələri hər iki təyyarəni məhv edib.
Təyyarələrdən biri saat 13:18-də, digəri 13:20-də məhv edilib.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.