AZƏRTAC prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə 28 oktyabr müsahibəsini yayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda sentyabrın 27-dən keçirdiyi əməliyyatlardan danışan dövlət başçısı qeyd edib ki, ordu döyüş meydanında özünün üstünlüyünü sübuta yetirib: “İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Bütün bu amillər nəzərə alınmaqla ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”.
“Hərbi faza nə qədər uzun müddət davam edə bilər və Bakı yalnız Dağlıq Qarabağın ətrafındakı yeddi rayonla kifayətlənməyə hazırdırmı” sualına prezident belə cavab verib: “Biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu kifayətdir. Lakin təəssüf ki, onlar atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq gələcək fəaliyyətimizi planlaşdıracağıq.
İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar – ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlər boyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir”.
İlham Əliyev deyib ki, erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir: “Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq”.
Dağlıq Qarabağda heç bir referendum olmayacağını vurğulayan prezident deyib: “17 ildir ki, mən bu barədə danışıram, vasitəçilər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy öz ərazisinin bir hissəsində yaratsın”.