Oktyabrın 28-i Ermənistan silahlı qüvvələri Tərtər və Bərdə şəhərlərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
Tərtərdə xəsarət alan olmayıb.
Bərdədə raket zərbəsi sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə endirilib. İlkin məlumata görə, 21 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb. Mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmən oktyabrın 27-də də Tərtərlə Bərdəyə “Smerç” yaylım atəşli reaktiv sistemindən raketlər atıb. Bərdənin Qarayusifli kəndində biri uşaq olmaqla dörd mülki şəxs həlak olub, ən azı 13 nəfər yaralanıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-da Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs barədə razılığa gəlinsə də, Ermənistanın razılaşmanı pozması nəticəsində atəşkəs baş tutmayıb. Oktyabrın 18-də və 26-da razılaşma yenilənib, amma Ermənistan yenə atəşi dayandırmayıb.
Baş Prokurorluğun oktyabrın 28-i saat 11-ə olan hesabatına görə, erməni silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən bəri 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 yaşayış evi, 92 çoxmənzilli bina, 415 mülki obyekt dağılıb.