Baş Prokurorluğun oktyabrın 28-i saat 11-ə olan hesabatına görə, erməni silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən bəri 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 yaşayış evi, 92 çoxmənzilli bina, 415 mülki obyekt dağılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi azad olunub.
Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri (Daşkəsən, Gədəbəy, Göygöl, Kürdəmir, Qəbələ, Abşeron, Xızı, Siyəzən) atəşə tutur.