Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.
Xəbəri oktyabrın 28-də prezident İlham Əliyev özünün rəsmi “Tvitter” səhifəsində yayıb.
Dövlət başçısı açıqlamasını “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.