1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa və Xocalı rayonlarını tam, Xocavənd rayonunu və keçmiş Ağdərə rayonunu qismən, Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Azərbaycanda yerli icra hakimiyyətlərinin başçılarının təyinatı prezidentin səlahiyyətindədir.
Novator.az bildirir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinə Kamal Həsənov başçılıq edir. 1957-ci ildə doğulan Kamal Həsənov 18 aprel 2016-cı ildə icra başçısı təyin olunub.
Son hərbi əməliyyatlara qədər Cəbrayılın bir kəndi Azərbaycanın nəzarətində idi.
Füzuli Rayon İcra Hakimiyyətinə Alı Alıyev başçılıq edir. 1956-cı il təvəllüdlü Alı Alıyev vəzifəyə 25 fevral 2011-ci ildə təyinat alıb.
Son hərbi əməliyyatlara qədər Füzulinin Horadiz şəhəri və 21 kəndi Azərbaycanın nəzarətində idi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başında 1960-cı il təvəllüdlü Ramiz Həsənоv dayanır. O, 26 aprеl 2011-ci ildən başçıdır.
1953-cü il təvəllüdlü Malik İsaqov 8 sentyabr 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.
1959-cu ildə doğulmuş Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 2 iyul 1992-ci ildə təyin edilib.
Son hərbi əməliyyatlara qədər Xocavəndin kiçik bir hissəsi Azərbaycanın nəzarətində idi.