İşğalçı Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” dəyişib. Xəbəri oktyabrın 27-də Armeniasputnik.am yayıb.
Novator.az bildirir ki, 2020-ci il fevralın 24-dən “nazir” olan general-leytenant Cəlal Arutyunyanın Qarabağ döyüşlərində yaralandığı üçün postdan götürüldüyü açıqlanıb. Rejimin başçısı Araik Arutunyan “müdafiə naziri” vəzifəsinə Mikael Arzumanyanı gətirib. Mikael Arzumanyana general-leytenant rütbəsi verilib.
1974-cü il təvəllüdlü Cəlal Arutyunyan işğalçı orduda 1992-ci ildən qulluq edib, Mikael Arzumanyan 1991-ci ildən xidmətdədir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.