Oktyabrın 27-si saat 16 radələrində Ermənistan ordusu Bərdə rayonunun Qarayusifli kəndinə “Smerç” qurğusundan kasetli raketlər atıb.
Bu terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki şəxs həlak olub, xeyli sayda insan yaralanıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ermənilər eyni gündə Tərtər şəhərini də “Smerç” raketi ilə atəşə tutublar.
Hikmət Hacıyev xatırladıb ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır: “Ermənistanın kasetli bombalardan istifadə etməsi mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona görə də mülki əhalini hədəf seçir”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-da Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs barədə razılığa gəlinsə də, Ermənistanın razılaşmanı pozması nəticəsində atəşkəs baş tutmayıb. Oktyabrın 18-də və 26-da razılaşma yenilənib, amma Ermənistan yenə atəşi dayandırmayıb.
Sentyabrın 27-dən bəri Ermənistanın hücumları nəticəsində 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.