Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
İş Səbail Rayon Məhkəməsinin icraatındadır. Hazırlıq iclası oktyabrın 27-si Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilməli idi.
Novator.az bildirir ki, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaq tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdədir.
Tutulanların 15-i AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarov, Müşviq Quliyev, Gündüz Mirzəyev.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
Həbs edilənlərin 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisidir: Tural Vəliyev, Kamil Mahmudov.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbsdədir.
Qalan 18 məhbus bitərəf şəxslərdir: Səbuhi Mustafayev, Müşviq Vahabov, İlkin Əliyev, Elçin Məmmədov, Emin Hüseynzadə, Ramiz Babayev, Azər Məmmədov, Şəmsi Rəhimli, Siyavuş Mustafayev, Dəyanət Mövlayev, Vüsal Quliyev, Elçin Mehdiyev, İsmayıl Məmmədov, Fariz Məmmədov, Ariz İbadətoğlu, Taleh Məmişov, Ceyhun Məmmədov, Fərid Abadov.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, oktyabrın 10-da polis nəzarətinə verilib.