1988-ci il fevralın 13-də Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
Noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edib, tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilib. 1992-ci il oktyabrın 13-də Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Hazırda düşmən Xankəndi şəhərini, Şuşa və Xocalı rayonlarını, Xocavənd və Ağdam rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsini, Laçın və Kəlbəcər rayonlarını nəzarətdə saxlayır.