Oktyabrın 25-də özünün rəsmi “Tvitter” səhifəsində Qubadlı şəhərinin işğaldan azad olunduğunu elan edərkən prezident, ali baş komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin azad olunduğunu da bildirmişdi.
Oktyabrın 26-da xalq müraciətində dövlət başçısı həmin kəndlərin adlarını açıqlayıb. Söhbət 17 kənddən gedir:
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri;
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub, Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb.