Dağlıq Qarabağ münaqişəsinin dinc həllində vasitəçi olan ATƏT-in Minsk qrupuna Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endrü Skofer həmsədrlik edirlər. Novator.az bildirir ki, indiyədək qrupun rəhbərliyində daha 28 diplomat təmsil olunub. Onların 1-i sədr, 30-u həmsədrdir.
1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (indiki ATƏT) Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeşt sammiti həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1995-ci il yanvarın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson olub. Sonuncunu bir müddət sonra finlandiyalı Rine Niberq əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən dövlət katibinin müavini Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.
1997-ci ildən sonra Minsk qrupunun rəhbərliyində bu diplomatlar çalışıb:
Rusiya – Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov;
Fransa – Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo;
ABŞ – Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland.
1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.