Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.
Xəbəri oktyabrın 25-i axşam prezident, ali baş komandan İlham Əliyev özünün rəsmi “Tvitter” səhifəsində yayıb.
Dövlət başçısı açıqlamasını “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub, Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb.