Azərbaycan Ordusunun Quru Qoşunlarının polkovniki, briqada komandiri, Milli Qəhrəman Şükür Həmidov oktyabrın 22-də ölkənin cənub-qərbində gedən döyüşlərdə şəhid olub.
1975-ci ildə Qubadlı rayonunda doğulan Şükür Həmidov Bakı Ali Hərbi Məktəbinin məzunudur.
Azərbaycanın Milli Qəhrəmanı adına 2016-cı ilin aprelində Qarabağ cəbhəsində gedən döyüşlərdə şücaətinə görə layiq görülüb.
İki övladı var.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub, Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb.