Nazirlər Kabineti icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, fərdi uçotu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elektron informasiya sistemində aparır, sığortaolunana dair bu məlumatlar toplanır: şəxsiyyətini təsdiq edən sənədin tipi; şəxsiyyətini təsdiq edən sənədin seriyası; şəxsiyyətini təsdiq edən sənədin nömrəsi; fərdi identifikasiya nömrəsi; vətəndaşlığı; adı, soyadı, atasının adı; doğulduğu tarix; cinsi; qan qrupu; yaşadığı ünvan; işlədiyi müəssisənin ünvanı; işçinin işə başlama tarixi; işçinin işdən çıxma tarixi; pensiyaçının məşğulluq vəziyyəti; vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); qeydiyyat ünvanı; fəaliyyət ünvanı; ananın fərdi identifikasiya nömrəsi (FİN); ölüm tarixi; ölüm haqqında sənədin verilməsi tarixi; doğuşun baş verdiyi tarix.
Fərdi uçot məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə sığortaolunanın fərdi şəxsi hesabı yaradılır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanları təmin olunur. Şəxsi hesab sığortaolunanın fərdi uçot məlumatlarını, icbari tibbi sığorta üzrə hesablanmış və ödənmiş icbari tibbi sığorta haqlarını, sığortaolunan üçün həyata keçirilmiş sığorta ödənişi məbləğlərini, ödənməli olan icbari tibbi sığorta haqları üzrə borc məbləğini və sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən icbari tibbi sığorta şəhadətnaməsini özündə əks etdirir.
Nazirlər Kabinetinin başqa bir qərarı ilə sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası da rəsmiləşib. Qayda dövlət büdcəsinin vəsaiti hesabına ödənən sığorta haqqının ümumi məbləğinin hesablanmasını rəsmiləşdirir. Sığorta haqqının ümumi məbləği sığortaolunan hesab edilən Azərbaycan vətəndaşlarının, Azərbaycanda qaçqın statusu almış, BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəliyində himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, habelə tibbi sığortanın şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır. Sığorta haqları 2021-ci il yanvarın 1-dən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.
Azərbaycanda icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı belədir:
Naxçıvan Muxtar Respublikası, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – 2020-ci ilin yanvarından;
Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – 2021-ci ilin yanvarından;
Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları – 2021-ci ilin aprelindən.