Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyənin baş ombudsmanı Şərəf Malkoçu qəbul edib. AZƏRTAC-ın məlumatına görə, qonağı salamlayan dövlət başçısı deyib: “Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var.
Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı, terror aktı, həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar.
Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq.
Bizim bütün cəbhə boyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190, Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar.
Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir.
İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.