Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıb. Rəsmi açıqlamada deyilir ki, nazirliyin birlik və müəssisələri Azərbaycan Ordusunu silah-sursatla fasiləsiz iş rejimində təmin edir, mütəxəssislər hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər: “Onlardan biri də “İti qovan”dır. “İti qovan” yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik PUA-dır. Bu PUA-nın adı prezident, ali baş komandan İlham Əliyevin tarixə düşən ifadəsindən götürülüb. “İti qovan” PUA-ları artıq Azərbaycan Ordusunun istifadəsindədir”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
“İti qovan” ifadəsi prezident, ali baş komandan İlham Əliyevin xalqa oktyabrın 4-də elədiyi müraciətdən sonra məşhurlaşıb. Dövlət başçısı hərbi əməliyyatlarda düşmənin basıldığını vurğulayaraq deyib: “İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur!”
17 oktyabr müraciətində prezident bir daha həmin ifadəni işlədib: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaq. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq”.