Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin icrası üzrə hesabat yayıb. Rəsmi məlumata görə, yanvar-sentyabr aylarında büdcəyə 17 milyard 964,6 milyon manat daxil olub: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 5 milyard 672,6 milyon manat, Dövlət Gömrük Komitəsindən 2 milyard 955,3 milyon manat gəlib. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlərin və sair daxilolmaların payı 373,9 və 110,3 milyon manatdır.
Dövlət Neft Fondundan büdcəyə 8 milyard 852,5 milyon manat köçürülüb.
Doqquz ayda dövlət büdcəsinin xərcləri 18 milyard 642,2 milyon manat olub. Xərclərin 38,5 faizi sosial xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
Büdcə kəsiri 677,6 milyon manat təşkil edib”.
Novator.az bildirir ki, 2020-ci ilin yenilənmiş büdcəsində gəlirlər 24 milyard 124 milyon manat, xərclər 27 milyard 492,2 milyon manatdır.
Büdcə gəlirlərinin 12,2 milyard manatı Dövlət Neft Fondundan köçürmənin, 7,2 milyard manatı Dövlət Vergi Xidmətindən, 3,8 milyard manatı Dövlət Gömrük Komitəsindən daxilolmaların, 804 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 100 milyon manatı başqa gəlirlərin payına düşür.
Büdcədə ümumi dövlət xidmətlərinin xərcləri 3 milyard 839,7 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 804,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 237 milyon manat, təhsil xərcləri 3 milyard 34,7 milyon manat, səhiyyə xərcləri 1 milyard 716,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sisteminin xərcləri 1 milyard 936,7 milyon manat göstərilir.