Baş Prokurorluğun oktyabrın 21-i saat 11-ə olan hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən bəri 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 yaşayış evi, 90 çoxmənzilli bina, 386 mülki obyekt dağılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri müntəzəm atəşə tutur.