Baş Prokurorluğun rəsmi hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 yaşayış evi, 90 çoxmənzilli bina, 382 mülki obyekt dağılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Ermənistan silahlı qüvvələri Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri müntəzəm atəşə tutur.