Oktyabrın 19-da Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Müraciətdə deyilir ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar: “Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.
Dövlət Təhlükəsizliyi Xidməti də həqiqəti əks etdirməyən məlumatların ümumi işimizə əngəl törətdiyini bəyan edib. Qurumun yaydığı açıqlamada deyilir ki, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu isə ümumi işimizə əngəl törədir, qələbənin asanlıqla qazanılması kimi yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Ona görə də DTX vətəndaşları yalnız rəsmi məlumatlara istinad etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır: “Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər”.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.