Oktyabrın 17-də president İlham Əliyev general-mayor Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Hikmət Mirzəyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanıdır. O, hazırda Azərbaycan Ordusunun birlik konadirlərindən biri kimi torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edir.
Oktyabrın 4-də prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Hikmət Mirzəyevi və digər birlik komandiri general-mayor Mayis Bərxudarovu təbrik etmişdi.
Hikmət Mirzəyev indiyədək bir sıra orden və medallarla (“Vətənə xidmətə görə” ordeni, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, üç dəfə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, dörd dəfə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları) ilə təltif edilib.
1988-ci ildən Azərbaycana təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir, Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.