Baş Prokurorluğun hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 yaşayış evi, 90 çoxmənzilli bina, 327 mülki obyekt dağılıb.
1988-ci ildən Azərbaycana təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir, Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-dan atəşkəs rejimi qüvvədədir, amma Ermənistan silahlı qüvvələri buna məhəl qoymur.