Oktyabrın 17-də Azərbaycan Televiziyası ilə xalqa müraciət edən prezident, ali baş komandan İlham Əliyev Vətən müharibəsində yeni qələbələr əldə olunduğunu bildirib. O, Füzuli şəhərinin və həmin rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin erməni işğalından azad edildiyini deyib.
1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində əməliyyatlar keçirir. Daha əvvəl Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Azərbaycan Respublikasının xəritəsi