Qırğızıstanda prezident səlahiyyətləri baş nazir Sadır Japarova keçib. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul vəzifələr tutub.
2005, 2007, 2010-cu illərdə parlamentin deputatı seçilən Sadır Japarov 2013-cü ildə İssık-Kul vilayətinin qubernatorunu girov götürmək cəhdinə görə cinayət məsuliyyətinə alınıb, mühacirət edib, 2017-ci ildə tutularaq 11 il 6 müddətinə azadlıqdan məhrum olunub.
2020-ci il oktyabrın 4-ü ölkədə parlament seçkisi keçirilib. Seçkiyə qatılan 16 siyasi partiyadan 4-ü qanunverici orqanda təmsil olunmaq imkanı əldə edib: Birimdik Partiyası, Məkanım Qırğızıstan Partiyası, Qırğızıstan Partiyası, Bütün Qırğızıstan Partiyası.
Parlament seçkisinin nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən üsyana qalxıb, dövlət binaları tutulub, seçkinin nəticələrinin ləğvi tələbi qoyulub, həbsdə olan bir çox siyasətçi, o cümlədən Sadır Japarov azadlığa buraxılıb.
Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, oktyabrın 10-da Sadır Japarov baş nazir postuna gətirilib, ancaq aksiyalar səngiməyib, prezidentin istefası tələb olunub.
Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib.
Ölkə konstitusiyasına görə, prezident istefaya getdikdə səlahiyyətlər parlament sədrinə keçir. Parlament sədri imtina etdiyi üçün dövlət başçısı səlahiyyətləri baş nazirə ötürülüb.
Ölkədə ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.
Dövlət başçısı olan prezident ümumxalq seçkisində seçilir.
Qırğızıstan: parlamentə hansı partiyalar düşdü?