“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin üçüncü mərhələsi başa çatıb.
İcrası 2020-ci ilin avqust-noyabr aylarını əhatə edən layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.
İctimai birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva Novator.az-a bildirib ki, layihənin cari mərhələsi çərçivəsində həssas əhali qrupuna aid edilən şəxslər üçün Sumqayıt şəhərində yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici xarakterli məlumatlandırma təşkil olunub.
Tədbirin açılışında öncə Vətən uğrunda döyüşlərdə şəhid olan hərbçilərimiz və həyatını itirmiş mülki vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan, Azərbaycan Respublikasının ərazisinə – hərbi mövqelərə, yaşayış məntəqələri və mülki əhaliyə ağır və qadağan edilmiş silahlarla hücum edən erməni ordusunun mənfur təxribat əməlləri qətiyyətlə pislənib. Dünyanın lider ölkələrinin və dünya ictimaiyyətinin bu məsələdə ədalətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, hazırda Azərbaycan iki cəbhədə – işğal olunmuş torpaqlarımız uğrunda və dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İndi “COVİD cəbhəsi”ndə aparılan işlər əvvəlkindən daha çox diqqət və vətəndaş məsuliyyəti tələb edir, bu baxımdan yoluxma hallarının artmasına yol verilməməlidir. Arxa cəbhədə virusa yoluxmanın qarşısını almaq istiqamətində aparılan bütün profilaktik işlər həm də ön cəbhəyə dəstək olmaq deməkdir.
Tədbir Ziba Nəbiyevanın viruslu hepatit və koronavirus xəstəliklərinin profilaktikası barədə elektron təqdimatı ilə davam etdirilib. Viral hepatitlər və COVİD-19 infeksiyası, onların növləri və kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər barədə əhatəli məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Məlumatların yadda saxlanması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.
İnteraktiv şəkildə aparılan tədbirdə həkim, qastroenteroloq Rəşad Həsənov iştirakçıların sağlıq durumu ilə bağlı suallarını cavablandırıb və müvafiq məsləhətlər verib.
Tədbir sosial həssas qrup üzvlərini qayğılandıran məsələlərin dinlənilməsi və müzakirəsi ilə davam edib. Müzakirədə iştirak edən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva hazırkı dönəmdə virus mənşəli infeksiyalarla mübarizəni gücləndirmək istiqamətində atılan təşəbbüslərin zəruriliyi barədə fikirlərini bildiriblər.
Sonda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi iştirakçılara koronavirusun profilaktikasına dair tədbirlərə dəstək olaraq 150 ədəd tibbi maska, bir litrlik və 60 ədəd 100 millilitrlik qablarda spirt, 110 ədəd sabun, 100 ədəd viral hepatit və COVİD-19 mövzusunda maarifləndirici çap materialları paylayıb.