Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Novator.az-ın məlumatına görə, o, qərarını ölkədə vətəndaş sülhünə nail olmaq istəyi ilə əsaslandırıb.
Qırğızıstanda siyasi sabitlik oktyabrın 4-də keçirilən parlament seçkisindən sonra pozulub. Seçkiyə qatılan 16 siyasi partiyadan 4-ü 7 faizlik səs baryerini keçərək qanunverici orqanda təmsil olunmaq imkanı əldə edib: Birimdik Partiyası, Məkanım Qırğızıstan Partiyası, Qırğızıstan Partiyası, Bütün Qırğızıstan Partiyası.
Parlament seçkisinin nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən paytaxt Bişkekdə və başqa bölgələrdə etiraz aksiyaları keçirib, seçkinin nəticələrinin ləğvi və təkrar səsvermə tələbləri qoyub, toqquşmalar və itkilər qeydə alınıb. Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, ardınca parlament sədri və baş nazir dəyişdirilib, ancaq aksiyalar səngiməyib, prezidentin istefası tələb olunub.
Ölkə konstitusiyasına görə, prezident istefaya getdikdə səlahiyyətlər parlament sədrinə keçir. Bu mümkün olmadıqda səlahiyyətləri baş nazir icra edir və üç may müddətinə prezident seçkisi keçirilir.
35-70 yaş arası və ölkədə azı 15 il yaşamış şəxs prezidentliyə namizəd ola bilər.
Sooronbay Jeenbekov Qırğızıstanın 5-ci prezidenti idi. Ölkədə prezident 6 il müddətinə seçilir.
Sooronbay Jeenbekov 1958-ci il noyabrın 16-da Oş vilayətində doğulub. 1983-cü ildə Qırğız Kənd Təsərrüfatı İnstitutunu zoomühəndis ixtisası, 2003-cü ildə Qırğız Aqrar Universitetini mühasib ixtisası ilə bitirib.
1988-ci ilədək Oş vilayətinin Sovet rayonundakı eyniadlı sovxozda baş zootexnik vəzifəsində çalışıb.
1988-1989-cu illərdə Sovet Rayon Partiya Komitəsində təlimatçı olub. 1989-1991-ci illərdə Oş vilayətinin Ulyanov sovxozunda partiya komitəsinin katibi postunu tutub.
1991-1993-cü illərdə sovxoz direktoru, 1993-1996-cı illərdə kolxoz sədri vəzifələrində çalışıb.
Sooronbay Jeenbekov 1996-2005-ci illərdə Xalq Nümayəndələri Məclisinin (yuxarı palata) deputatı kimi müxtəlif vəzifələrdə işləyib.
2005-ci ildən parlamentin aşağı palatasının deputatı olan Sooronbay Jeenbekov 2007-ci ildə kənd və su təsərrüfatı, emal sənayesi naziri təyin edilib.
2010-2012-ci illərdə Oş vilayətinin qubernatoru, 2012-2015-ci illərdə hökumətin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi olub.
Sooronbay Jeenbekov 2016-ci ildə Prezident Aparatı rəhbərinin birinci müavini postunda çalışıb, həmin ilin aprel ayında baş nazir seçilib.
2017-ci il mayın 17-də Sosial Demokrat Partiyası Sooronbay Jeenbekovu prezidentliyə namizəd irəli sürdüyü üçün o, avqustun 21-də postundan istefa verib, oktyabrın 15-də dövlət başçısı seçilib, noyabrın 24-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.