ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verir və həmin qərar Konqresin iclasında təsdiqlənir.
ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.
2020-ci il noyabrın 3-nə təyin olunmuş prezident seçkisinin əsas namizədləri Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.
“Real Clear Politics” təşkilatının sorğusuna əsasən, hələlik Cozef Baydenin Seçicilər Kollegiyasına 226 nümayəndə, Donald Trampın 125 nümayəndə keçirmək imkanı var.
Ölkənin 45-ci prezidenti olan Donald Tramp 2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Seçicilər Kollegiyasına 306 nümayəndə qazanmışdı.
Novator.az bildirir ki, Riçard Nikson 1972-ci ilin prezident seçkisində Seçicilər Kollegiyasına 520 nümayəndə əldə edib.
Cimmi Karter 1976-cı ilin seçkisində 297 nümayəndə ilə; Ronald Reyqan 1980-ci ilin seçkisində 489 nümayəndə, 1984-cü ilin seçkisində 525 nümayəndə ilə; Corc Buş (ata) 1988-ci ilin seçkisində 426 nümayəndə ilə, Bill Klinton 1992-ci ilin seçkisində 370 nümayəndə, 1996-cı ilin seçkisində 379 nümayəndə ilə; Corc Buş (oğul) 2000-ci ilin seçkisində 271 nümayəndə, 2004-cü ilin seçkisində 286 nümayəndə ilə; Barak Obama 2008-ci ilin seçkisində 365 nümayəndə, 2012-ci ilin seçkisində 332 nümayəndə ilə qalib olub.